SİYASƏT
Azərbaycan üçün Bolqarıstan Avropada ən etibarlı tərəfdaş ölkələrdən biridir ŞƏRH
Bakı, 11 may, AZƏRTAC
Bolqarıstan Avropada ölkəmizə dost, ən etibarlı tərəfdaş ölkələrdən biridir. Azərbaycanla Bolqarıstan arasında 2015-ci ildə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb və ötən dövrdə iki dövlət arasında əlaqələr uğurla inkişaf edib. Dövlətlər arasında fəal siyası əlaqələr mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyev ilə Bolqarıstan Prezidenti Rumen Radev arasında şəxsi dostluq əlaqələri ölkələrimizin münasibətlərinin möhkəmləndirilməsinə böyük töhfə verir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
O qeyd edib ki, Bolqarıstan Prezidentinin Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsinə imkan verəcək və ikitərəfli münasibətlərin müxtəlif sahələrdə daha da dərinləşməsinə töhfə verəcək.
“Azərbaycanla Bolqarıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinə dair Bəyannamənin imzalanması əlaqələri daha yüksək səviyyəyə çatdıracaq. Son dövr Azərbaycanla Bolqarıstan arasında ticarət dövriyyəsi 4 dəfə artıb. Ticarət dövriyyəsinin əsasını enerji sahəsində əməkdaşlıq təşkil edir. Azərbaycan Bolqarıstanın əsas qaz ixracatçısıdır və bu ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır, Bolqarıstanın qaz istehlakının 50 faizini təmin edir. Azərbaycan qazının Avropaya ixracında Bolqarıstan tranzit ölkəyə çevrilib. Bolqarıstan ərazisindən keçən Azərbaycan qazı digər Avropa dövlətlərinə də ixrac edilir və hər il bu dövlətlərin sayı artmaqdadır. Yaxın vaxtlarda Azərbaycanda istehsal ediləcək yaşıl enerji də Bolqarıstana ixrac olunacaq”, - deyə K.Əliyeva vurğulayıb.
Deputat bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə inşa edilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Orta Dəhlizin bir seqmenti olaraq Şərqdən Qərbə və əks istiqamətdə yükdaşımalarına böyük töhfə verir. Dəmir yolunun Azərbaycan dövlətinin sərmayəsi ilə modernləşdirilməsi nəticəsində yükdaşımaların həcminin hər il artmaqda olduğunu diqqətə çatdıran Kamilə Əliyeva deyib: “Bu gün bir çox dövlətlər bu marşrut xətti ilə yüklərini daşıyır. Azərbaycanla Bolqarıstan arasında nəqliyyat sahəsində də əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində mühüm işlər aparılır”.